«Müasir Azərbaycan Memarları. 2010»

Bu kitabda müasir Azərbaycanın hal-hazırda fəaliyyətdə olan aparıcı memarlarının işləri təqdim olunmuşdur. Ölkədə sürətlə gedən müsbət dəyişikliklər, cəmiyyətin sabit və dinamik inkişafı, Azərbaycanın iqtisadi cəhətdən irəliləməsi paytaxtda və ölkənin bir çox şəhərlərində inşaatın canlanmasına gətirib çıxartdı.

Son illərdə Azərbaycan memarlarının layihələri əsasında minlərlə ictimai və yaşayış binaları, tibbi və mədəniyyət tikililəri, idman kompleksləri, yollar, müasir körpülər, yol qovşaqları tikilib. Azərbaycan regionlarının inkişafı proqramına əsasən onlarla yeni şəhər və kəndlərin əsası qoyulub. Həmçinin, vətənimizin bir hissəsinin erməni qəsbkarları tərəfindən zor gücünə işğal ediməsinə baxmayaraq, ölkədə, Azərbaycan xalqının dərin tolerantlıq hissinə dəlalət edən çoxsaylı dini binalar: kilsələr, sinaqoqalar, məscidlər tikilmişdir.

Azərbaycan memarları bir çox beynəlxalq müsabiqələrdə və biyennalelərdə daim müvəffəqiyyətlə çıxış edərək, dünya paytaxtlarının əksəriyyətində layihələndirərək və tikərək ölkədən kənarda da böyük uğurlar qazanıblar. Müasir Azərbaycan cəmiyyətində  memarın rolu durmadan artır və bu da öz növbəsində ölkəmizdə və xaricdə geniş əhali kütləsi tərəfindən yerli mütəxəssislərin yaradıcılığına səmimi marağı artırır.

Bu nəşrin yaranmasında məqsəd  Azərbaycan memarlarının yaradıcılığı ilə geniş əhali kütləsini tanış etməkdir.